Gələn ilin aprelindən ambulator dərman vasitələri icbari tibbi sığorta hesabına təmin ediləcək

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda 2024-cü ilin aprel ayından etibarən ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təmin ediləcəyi planlaşdırılır. Bu məlumatı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev açıqlayıb.
Rzayevin sözlərinə görə, hazırda vətəndaşlar icbari tibbi sığorta çərçivəsində yalnız stasionar şəraitdə istifadə olunan dərman preparatları ilə dövlət hesabına təmin edilirlər. Gələn aprel ayından etibarən isə ambulator şəraitdə resept əsasında təyin olunan dərmanların da təminatı həyata keçiriləcək. Hazırda bu istiqamətdə müvafiq qanunvericilik və normativ tərəflərin hazırlanması prosesi başa çatıb.
İlkin mərhələdə yüksək arterial qan təzyiqi, yəni arterial hipertenziya müalicəsi üçün 26 adda dərman vasitəsinin təmin edilməsi planlaşdırılır. Bu dərmanların vətəndaşlara təqdim edilməsi üçün agentlik özəl təşkilatlarla əməkdaşlıq edəcək. Rzayev qeyd edib ki, aptek təşkilatları sistemə qoşulacaq və elektron resept əsasında dərmanların təminatı həyata keçiriləcək.
Bununla yanaşı, agentlik müvafiq texniki tapşırıqları Səhiyyə Nazirliyi və digər aidiyyəti strukturlara ötürüb. Rzayev yaxın günlərdə təsdiq prosesinin başa çatacağını və sistemin fəaliyyətə başlanacağını gözlədiklərini vurğulayıb.