Ezonn Xəbər

Beynəlxalq axtarışda olan holdinq rəhbəri həbs edilərək Azərbaycana gətirildi

Beynəlxalq axtarışda olan holdinq rəhbəri həbs edilərək Azərbaycana gətirildi
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Zinyət Məmmədrəsul qızı Səfərova Türkiyədə həbs edilib və Bakıya gətirilib. O, "RX.SƏRDAROĞULLARI HOLDİNQ" MMC-nin direktoru olduğu dövrdə 445 min manatlıq vəsaiti mənimsəməkdə ittiham olunur. İnterpolun Azərbaycan Milli Mərkəzi Bürosu tərəfindən axtarılan Səfərova Türkiyədəki yeri müəyyən edildikdən sonra həbs olunub. O, həmçinin maliyyə əməliyyatları və əqdlər vasitəsilə cinayət yolu ilə əldə edilən əmlakı leqallaşdırmaqda da ittiham edilir. Zinyət Səfərovaya qarşı Cinayət Məcəlləsinin 179.3.2 və 193-1.3.2 maddələri ilə ittihamlar irəli sürülüb. Bu maddələr, müvafiq olaraq, külli miqdarda mənimsəmə və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə bağlıdır. Ədliyyə Nazirliyinin sorğusu və Türkiyə tərəfi ilə aparılan danışıqlardan sonra Səfərovaya ehtiyac duyulan prosedurların həyata keçirilməsi nəticəsində onun Azərbaycana ekstradisiyası barədə razılıq əldə edilib. Z. Səfərova noyabrın 19-da ölkəyə gətirilərək istintaq təcridxanasına yerləşdirilib.