Prezidentin səfəri Vyetnam mediasının diqqət mərkəzində - FOTO

Ezonn TV «Sfera.az» mənbəsinə istinadən xəbər verir.
Vyetnam mediası Prezident İlham Əliyevin 19 noyabr tarixində Hanoya başladığı səfərə xüsusi diqqət göstərir. Nüfuzlu xəbər orqanları və onlayn nəşrlər, bu səfərin Azərbaycan və Vyetnam arasındakı dövlət başçıları diplomatiyasına olan təsirini analiz edərək, əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb.
"Vietnam+" nəşrində yayımlanan məqalədə Prezident İlham Əliyevin Vyetnama səfərinin enerji, ticarət və digər sahələrdə əməkdaşlığı təşviq etməyə imkan verəcəyi bildirilib. İki xalq arasında dostluq tarixi müzakirə olunarkən, Prezident Ho Şi Minin 1959-cu ildə Azərbaycana etdiyi və Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama etdiyi səfərlərin bu dostluğun təməlini qoyduğu qeyd edilib.
Bundan əlavə, "BACNINHTV" saytında, iki ölkə arasındakı 30 ildən artıq əməkdaşlığın güclənən siyasi etimadla bağlı olduğu vurğulanıb. Tarixi tərəfdaşlıq dövründə qurulan dostluq münasibətləri, bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır.
"Nhândân" qəzetinin yazısında isə, iki ölkənin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, bunun da əməkdaşlığın tarixi bir mərhələsi olduğu vurğulanıb. Yeni çərçivə, iqtisadiyyat, ticarət, investisiya, enerji və nəqliyyat sahələrində ikitərəfli münasibətlərin səmərəliliyini artıracaq.
Son olaraq, "Vietnam.vn" saytında Prezident Ho Şi Minin tarixi səfəri ilə başlayan münasibətlərin parlaq gələcəyi söz konusu olunub. Xəzər dənizi sahilindəki neft quyularından müasir enerji layihələrinə qədər geniş əməkdaşlıq perspektivləri olduğu bildirilib. Prezident İlham Əliyevin Vyetnama səfəri, keçmişin qiymətləndirilməsi və əməkdaşlıq sahəsində yeni üfüqlərin araşdırılması baxımından önəmli bir addımdır.