Ezonn Xəbər

Telefonla çox danışanlara xəbərdarlıq: Sağlamlığa zərərli imiş

Telefonla çox danışanlara xəbərdarlıq: Sağlamlığa zərərli imiş
Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir. Çin alimlərinin apardıqları tədqiqat nəticəsində məlum olub ki, həftədə 30 dəqiqədən çox mobil telefonla danışan insanlarda yüksək qan təzyiqi (hipertoniya) riski 12 faiz artır. Bu nəticələr "European Heart Journal – Digital Health" jurnalında dərc olunub. Tədqiqatı həyata keçirən Çinin Cənub Tibb Universitetinin mütəxəssisləri uzunmüddətli telefon danışıqlarının hipertoniya üçün gizli risk amili olduğunu bildirirlər. Araşdırmanın iştirakçıları 37-73 yaş aralığında, ümumilikdə 200 mindən çox insanı əhatə edib. Mütəxəssislər, iştirakçıların telefon danışıqlarına sərf etdikləri vaxtı qeydə alaraq onların sağlamlıq vəziyyətini 12 il boyunca izləyiblər. Araşdırmanın nəticələrinə görə, telefonla danışmağa sərf olunan vaxt artdıqca hipertoniya riski də yüksəlir. Məsələn, həftədə 30-59 dəqiqə danışanların riski 8 faiz, 1-3 saat arasında danışanların riski 13 faiz, 4-6 saat danışanların riski 16 faiz, 6 saatdan çox danışanların riski isə 25 faiz artır. Tədqiqatın müəllifləri, həmçinin irsi meyilliliyin xəstəliyin yaranma ehtimalını artırdığını, lakin kişilər və qadınlar arasında risk səviyyəsində fərq olmadığını qeyd edirlər. Tədqiqatçılar əlavə olaraq, mobil cihazlardan daha şüurlu istifadə etməyi və telefon danışıqlarının müddətinə diqqət yetirməyi tövsiyə edirlər. Alimlər, bu nəticələrin təsdiqlənməsi üçün daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayırlar. Belə ki, 2020-ci ildə dünya əhalisinin təxminən 75 faizinin mobil telefonlardan istifadə etdiyi məlumdur. Bu xəstəlik infarkt və insult riskini artıran amillərdən biridir. Bizim.Media