İlk dəfə bir dövlət soyqırımında günahkar bilindi — Tarixi qərar

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) ən yüksək məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi, Myanmanın Rohinca müsəlmanlarına qarşı soyqırımı törətdiyini açıqlayıb. Bu, BMT-nin 1946-cı ildən bəri ilk dəfə bir dövləti soyqırımında günahlandırdığı qərardır.
Məhkəmənin hakimi Yuji İvasava, Myanmanın Rohinca müsəlmanlarının əhəmiyyətli bir hissəsini məhv etmək niyyətinin olduğunu, sübutların geniş şəkildə məhv edildiyini və günahkarların cəzalandırılması üçün heç bir tədbir görülmədiyini bildirib. Həmçinin, Myanma hökumətinin müdafiəsi olan “hərbi əməliyyatların yalnız silahlı qruplara qarşı aparıldığı” iddialarını əsassız sayıb.
2017-ci ildə Myanma ordusunun Rakhayn ştatında başlatdığı genişmiqyaslı əməliyyatlar nəticəsində minlərlə Rohinca müsəlmanı həlak olub, yüz minlərlə insan isə qonşu Banqladeşə qaçmağa məcbur olub. Beynəlxalq insan haqları qurumları və BMT, bu hadisələri etnik təmizləmə olaraq qiymətləndiriblər.
Məhkəmənin qərarına əsasən, Myanma Rohinca müsəlmanlarının təhlükəsiz geri dönüşünü, ailələrin birləşməsini və itkin düşənlərin müəyyənləşdirilməsini təmin etməlidir. Həmçinin, dəymiş maddi və mənəvi ziyan, o cümlədən müsadirə edilmiş əmlakın kompensasiya edilməsi tələb edilir, lakin kompensasiyanın məbləği hələ açıqlanmayıb.
Qanuni proses 2019-cu ildən etibarən, Qambiya İslam Əməkdaşlıq Təşkilatının dəstəyi ilə 1948-ci il Soyqırımı Konvensiyasının pozulması iddiası ilə başlamışdır. Beynəlxalq Ədalət Məhkəməsinin qərarı qətidir və apelyasiya mümkün deyil, lakin qərarın icrası ilə bağlı müvafiq mexanizm yoxdur. Eyni zamanda, 1,3 milyon Rohinca müsəlmanı hazırda məcburi köçkün vəziyyətindədir, bunların böyük bir hissəsi Banqladeşin Koks Bazar düşərgələrində yerləşir. Myanmadakı hazırkı vətəndaş müharibəsi və hüquqi təminatsızlıq, insanların geri dönməsini çətinləşdirir.
Bu proses Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi (BCM) müstəvisində paralel olaraq davam edir.