QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə qrant müsabiqələri elan etdi

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrinin başladığını elan edib. Layihə təkliflərinin qəbulu noyabrın 20-dən etibarən başlayır. Müraciət üçün son tarix isə dekabrın 20-dir.
Kiçik qrant müsabiqəsi çərçivəsində maliyyələşmənin yuxarı həddi 30 min manat olaraq müəyyən edilib. Bu layihələrin icra müddəti 6 ayadək ola bilər. Böyük qrant müsabiqəsi üçün maksimum məbləğ 70 min manat təşkil edir və icra müddəti 9 ayadəkdir.
Müsabiqələr beş əsas istiqamətə yönəlib: azərbaycançılıq ideologiyasının təşviqi, QHT-lərin sosial media və süni intellekt bacarıqlarının inkişafı, regionlarda aqrar təşəbbüslər, ailə institutunun möhkəmləndirilməsi və beynəlxalq əhəmiyyətli layihələr. Beynəlxalq təşəbbüslər üçün yerli və xarici QHT-lərin koalisiyası da mümkündür, lakin burada əsas icraçı Azərbaycanda dövlət qeydiyyatına alınmış təşkilat olmalıdır.
Müsabiqələrə təqdim edilən layihələr müxtəlif meyarlar əsasında 100 ballıq sistemlə qiymətləndiriləcək. Bu meyarlara innovativlik, məqsədlərin aydınlığı, büdcənin əsaslandırılması, davamlılıq, tərəfdaşlarla əməkdaşlıq və gözlənilən nəticələr daxil edilir. Kiçik qrant müsabiqəsi üçün iştirak edən QHT-lər son üç ildə mediada yayımlanmış azı 10 material təqdim etməlidirlər. Böyük qrant üçün müraciət edənlər isə son beş ildə 30 fərqli məzmunlu materialı təsdiqləyən sənədlər təqdim etməlidir.
Qeyd edək ki, müraciətlər yalnız Agentliyin elektron xidmətlər portalının “e-ərizə” bölməsi vasitəsilə qəbul olunacaq, şəxsən, poçtla və elektron poçtla göndərilən sənədlərə baxılmayacaq. Müsabiqələrin nəticələrinin 2027-ci ilin birinci rübündə açıqlanması planlaşdırılır.