QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə qrant müsabiqələri elan edib

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edərək, qeyri-hökumət təşkilatlarının (QHT) layihə təkliflərini gözləyir. Layihə təkliflərinin qəbuluna noyabrın 20-də başlanacaq və müraciət üçün son tarix dekabrın 20-dir.
Kiçik qrant müsabiqəsi çərçivəsində maliyyələşmənin maksimal məbləği 30 min manat, layihələrin icra müddəti isə 6 aydır. Daha geniş maliyyə dəstəyi lazım olan layihələr üçün nəzərdə tutulan böyük qrant müsabiqəsində maksimum məbləğ 70 min manatdır, icra müddəti isə 9 aya qədər uzana bilər.
Müsabiqələr beş əsas istiqaməti əhatə edir: azərbaycançılıq ideologiyasının təşviqi, QHT-lərin sosial media və süni intellekt bacarıqlarının inkişafı, regionlarda aqrar təşəbbüslər, ailə institutunun möhkəmləndirilməsi və beynəlxalq əhəmiyyətli layihələr. Yerli və xarici QHT-lərin koalisiya şəklində iştirakı da mümkündür, lakin əsas icraçı Azərbaycanın dövlət qeydiyyatına alınmış QHT-sidir.
Layihə təqdim edən QHT-lərin innovativlik, büdcənin əsaslandırılması və gözlənilən nəticələr kimi meyarlara görə qiymətləndiriləcəyi bildirilib. Kiçik qrant müsabiqəsində iştirak edənlərin son üç ildə mediada yayımlanmış azı 10 material, böyük qrant müsabiqəsinə müraciət edənlərin isə beş ildə 30 fərqli məzmunlu material təqdim etmələri tələb olunur. Müraciətlər yalnız Agentliyin elektron xidmətlər portalının “e-ərizə” bölməsi vasitəsilə qəbul ediləcək və digər vasitələrlə göndərilən sənədlərə baxılmayacaq.
Müsabiqənin nəticələrinin 2027-ci ilin birinci rübündə açıqlanması planlaşdırılır.