Ezonn Xəbər

Müəllimlər üçün ödənişsiz süni intellekt alətləri təqdim olunur

Müəllimlər üçün ödənişsiz süni intellekt alətləri təqdim olunur
Ezonn TV «Azərbaycan müəllimi» mənbəsinə istinadən xəbər verir. Azərbaycanda müəllimlər üçün süni intellekt texnologiyalarının istifadəsinin genişləndirilməsinə dair bir sıra yeni imkanlar yaradılıb. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Ayaz Abuşovun verdiyi məlumata görə, Elm və Təhsil Nazirliyi ilə “Google” şirkətinin əməkdaşlığı çərçivəsində müəllimlər üçün “Rəqəmsal məktəb” platformasında “Gemini” və “NotebookLM” adlı süni intellekt alətləri ödənişsiz olaraq təqdim olunacaq. Bu alətlər müəllimlərə dərs hazırlığı, şagirdlərin qiymətləndirilməsi, məlumatların emalı və rəqəmsal məzmunun yaradılması proseslərini daha səmərəli şəkildə təşkil etməyə imkan tanıyır. Süni intellekt texnologiyaları vasitəsi ilə müəllimlər, müxtəlif mənbələrdən toplanan məlumatları təhlil edə, uzun mətn və sənədləri ümumiləşdirə, dərs mövzuları üzrə ideyaları sitemləşdirə və bilik bazası yarada bilərlər. Həmçinin, “Rəqəmsal məktəb” platformasında müəllimlər üçün “Google Classroom”, “Google Calendar”, “Google Docs” və “Google Drive” kimi xidmətlər də təqdim olunur. Bu alətlər, dərs və tədbirlərin planlaşdırılması, tədris materiallarının paylaşılması, sənədlərin yaradılması və redaktəsi, eləcə də faylların saxlanılması və paylaşılması imkanlarını yaradır. Bu təşəbbüs, müəllimlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsinə, dərs hazırlığına sərf olunan vaxtın optimallaşdırılmasına və müasir texnologiyaların tədris prosesində səmərəli istifadəsinə yönəldilmişdir.