Aqressiv sərnişin avtobusda qorxu dolu anlar yaşatdı - VİDEO

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Dünən paytaxtın Yasamal rayonunda xuliqanlıq hadisəsi baş verib. Hadisə, 65 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən 99-JP-013 dövlət qeydiyyat nişanlı avtobusda baş verib. Naməlum bir şəxs avtobusun dayanacaqdan kənarda saxlanılmasını tələb edərək sürücünü narahat edib. Sürücü isə, avtobusu qarşıdakı dayanacaqda saxlayacağını bildirmiş, lakin həmin şəxs əsəbi halda tələblərinə davam edib.
Xuliqanlıq nümayiş etdirən şəxs, avtobus salonunda quraşdırılmış Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsus elektron ödəniş avadanlığına zərər vurub. Hadisə zamanı, o, avtobusun ön qapısının şüşəsini təpik zərbəsi ilə sındıraraq oradan uzaqlaşıb. Bu hərəkətləri ilə sərnişinlər arasında qorxu yaradıb.
Hadisə avtobusda quraşdırılmış müşahidə kamerası tərəfindən videogörüntüyə alınıb. Faktla bağlı polisin “102” qaynar xəttinə məlumat verilib və müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Hadisənin bütün detalları üzə çıxarılmağa çalışılır.