Ezonn Xəbər

Gəncədə “Texniki təhlükəsizlik bizim prioritetimizdir" mövzusunda seminar-müşavirə keçirilib

Gəncədə “Texniki təhlükəsizlik bizim prioritetimizdir" mövzusunda seminar-müşavirə keçirilib
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Gəncə şəhərində Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin, həmçinin “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Texniki təhlükəsizlik bizim prioritetimizdir” mövzusunda seminar-müşavirə keçirilmişdir. Seminar-müşavirənin məqsədi təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsi, eləcə də qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi məsələlərini müzakirə etməkdir. Tədbirə FHN-in Gəncə Regional Mərkəzinin rəisi polkovnik-leytenant Ramin Orucov, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini Asif Məmmədov və digər mütəxəssislər qatılmışdır. Asif Məmmədov giriş nitqində respublikamızda həyata keçirilən iqtisadi siyasətin əhəmiyyətinə toxunaraq, dövlət başçısının sənaye sahəsindəki iş adamlarına göstərdiyi diqqət və qayğını vurğulamışdır. Seminar çərçivəsində texniki təhlükəsizliklə bağlı mövcud problemlər müzakirə olunmuş, zəruri qabaqlayıcı tədbirlər barədə təkliflər irəli sürülmüşdür. Müzakirələr zamanı iştirakçılar arasında geniş fikir mübadiləsi aparılmış, suallar cavablandırılmışdır. Tədbirin sonunda texniki təhlükəsizlik məsələlərinin daha da inkişaf etdirilməsi üçün konkret addımların atılacağı bildirilib.