FHN-in yüksək nəticə göstərmiş idmançıları ilə görüş keçirilib

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun akt zalında karate üzrə beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüş təşkil olunub. FHN-in mətbuat xidmətindən alınan məlumata görə, tədbirdə qazanılmış nailiyyətlər qeyd olunub və medalçılar təbrik edilib.
Oktyabrın 31-dən noyabrın 1-dək Bolqarıstanın Sofiya şəhərində şotokan karate üslubu üzrə Avropa çempionatı keçirilib. Tədbirdə 13 ölkədən 500-ə yaxın idmançı iştirak etmişdir. Azərbaycan Karate Federasiyasının milli yığma komandasının və FHN-in “Budokan” karate klubunun təmsilçiləri müxtəlif yaş kateqoriyalarında mübarizə aparıb, bu yarışda klubun idmançıları 4 bürünc medal qazanmışdır.
Daha sonra, noyabrın 14-15-də Gürcüstanda, Tbilisi şəhərində Dünya Karate Federasiyasının təşkilatçılığı ilə “Tbilisi Open-2026” beynəlxalq turniri baş tutub. 7 ölkədən 600-ə yaxın idmançının qatıldığı bu yarışda Azərbaycan Karate Federasiyasının müxtəlif yaş qruplarından olan təmsilçiləri iştirak edib. FHN-in “Budokan” karate klubunun üzvləri müxtəlif çəki dərəcələrində 3 qızıl, 2 gümüş və 4 bürünc medal əldə ediblər.
FHN-in İdman-sağlamlıq klubunun rəisi, Azərbaycan Karate Federasiyasının vitse-prezidenti, ikiqat dünya çempionu olan polkovnik Füzuli Musayev, medalçılar və onların məşqçiləri ilə görüşərək idmançıları təbrik etmişdir. Görüşdə qazanılan nəticələrin əhəmiyyətinə toxunulmuş, medalçılara qiymətli hədiyyələr təqdim olunmuşdur.