Fransa işçilərə 80 avro əlavə pul verəcək

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Fransa hökuməti işçilərin alıcılıq qabiliyyətini artırmaq məqsədilə “Makron mükafatı” adlanan Dəyərin Bölüşdürülməsi Mükafatının (PPV) şərtlərinə dəyişiklik etməyi planlaşdırır. Yeni dəyişikliklərlə işçilərin gəlirlərinin ildə orta hesabla 80 avro artacağı proqnozlaşdırılır.
Əmək və Həmrəylik naziri Jan-Pyer Farandu, mükafata görə Ümumi Sosial Ödənişdən (CSG) azadolma müddətinin 2027-ci ilin iyun ayına qədər uzadılacağını açıqlayıb. Bu dəyişikliklərin əsas məqsədi işçilərin maliyyə durumunu yaxşılaşdırmaq və yaşam standartlarını yüksəltməkdir.
Təklif olunan qaydalara əsasən, güzəştlərin yalnız 50-dən az işçi çalışdıran müəssisələrə deyil, bütün şirkətlərə şamil edilməsi nəzərdə tutulur. Hökumət, bu yolla daha geniş miqyasda çalışanları mükafatlandırmağı hədəfləyir.
Həmçinin, Fransa Maliyyə naziri Qabriel Attal, işçilərin əməkhaqlarından tutulan CSG ödənişinin aradan qaldırılmasını təklif edib. Bu dəyişiklik, bəzi işçilərin aylıq xalis gəlirini 270 avroya qədər artırmağı mümkün edə bilər. Qeyd edək ki, “Makron mükafatı” ilə əlaqəli planlaşdırılan dəyişikliklər hələ ki, qüvvəyə minməyib, çünki bu, avtomatik şəkildə bütün işçilərə ödənilmir.