Maliyyə yardımı alan media subyektlərinin veb-sayt və sosial şəbəkə hesablarının göstəriciləri ildə iki dəfə monitorinq olunacaq

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Maliyyə yardımı alan media subyektlərinin veb-sayt və sosial şəbəkə hesablarının göstəriciləri ildə iki dəfə monitorinq ediləcək. Bu qərar, yenilənmiş “Media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinin təşkili məqsədilə müsabiqələrin keçirilməsi Qaydaları”nda əksini tapıb.
Qaydalara əsasən, maliyyə yardımının verilməsi dövründə onlayn media subyektinin göstəricilərinin süni artırıldığı hallarda, müvafiq Şura maliyyə yardımının ödənilməsini dayandıracaq və bir yazılı xəbərdarlıq göndərəcək. Monitorinq nəticələrinin aktla rəsmiləşdirilməsi və aşkar edilmiş halların qeyd olunması da tələb olunur.
Maliyyə yardımı alan media subyekti xəbərdarlıqdan sonra pozuntuları aradan qaldırmadığı halda, növbəti ayda təkrar süni artıma yol versə, müqaviləyə birtərəfli qaydada xitam veriləcək. Beləliklə, iki dəfə yazılı xəbərdarlıq alan onlayn media subyekti, ilk müsabiqədə iştirak edə bilməyəcək.
Eyni zamanda, hər hansı inzibati xətaya görə qanunvericiliyə uyğun olaraq inzibati tənbeh tətbiq edildikdə, Şura maliyyə yardımının ödənilməsini dayandıracaq. Bu qaydalar, media subyektlərinin fəaliyyətinin şəffaflığını artırmağı və müstəqilliyin gücləndirilməsini nəzərdə tutur.