Manatla kredit götürənlərə xəbərdarlıq

Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda manatla verilən yeni kreditlərin faiz dərəcəsi xarici valyutada olan kreditlərlə müqayisədə xeyli yüksəkdir. 2026-cı ilin sentyabrında manatla verilmiş kreditlərin orta çəkili faiz dərəcəsi 18,1%, xarici valyutada isə 5,8% olub. Bu, manatla verilən kreditlərin faizlərinin xarici valyutalı kreditlərdən 12,3 faiz bəndi daha yüksək olduğunu göstərir.
Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya əsasən, son bir il ərzində hər iki valyutada verilən kreditlər üzrə faizlərdə azalma müşahidə edilib. Manatla və xarici valyutada verilən kreditlərin faizləri arasındakı fərq isə bir sıra amillərdən, o cümlədən inflyasiya gözləntiləri, valyuta riskləri və bankların maliyyələşmə xərclərindən irəli gəlir.
Eyni zamanda, xarici valyutada kreditlərin aşağı faiz dərəcəsi onların hər kəs üçün daha sərfəli olması demək deyil. Gəliri manatla olan şəxslər, xarici valyutada kredit götürdükdə, məzənnə dəyişiklikləri ilə bağlı əlavə risklərlə qarşılaşa bilərlər. Mütəxəssislər kredit seçərkən yalnız faiz dərəcəsinə deyil, ümumi geri ödəniş məbləğinə, kredit müddətinə və əlavə komissiyalara da diqqət yetirməyi tövsiyə edirlər.
İqtisadçı Əkrəm Həsənovun sözlərinə görə, milli valyutada verilən vəsaitin maya dəyəri banklar üçün daha yüksəkdir. Həsənov bildirir ki, ölkədə milli valyutada qoyulan əmanətlər illik 12 faizlə sığortalanır, xarici valyutada isə bu faiz 2,5-dır. Bu yolla banklar milli valyutada olan əmanətləri daha baha, xarici valyutada isə daha ucuz cəlb etdikləri üçün, kredit faizləri arasındakı fərq yaranır. Məhz buna görə də manatla verilən kreditlər, xarici valyutada olan kreditlərdən bir neçə dəfə bahadır.