Banklar üçün təhlükəli vəziyyət: “Problemli kreditlər artacaq”

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda bank sektorunun risk iştahasını məhdudlaşdırmaq üçün tətbiq olunan tənzimləyici tədbirlər nəticəsində kreditləşmə standartları yaxşılaşıb. Bu barədə “S&P Global Ratings”in Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) ilə bağlı reytinq açıqlamasında məlumat verilib.
Agentliyin bildirdiyinə görə, dövlət proqramları çərçivəsində maliyyə institutlarına verilən kreditlər və likvid vəsaitlərin bu qurumlarda yerləşdirilməsi ABİF-in əsas kredit riski mənbəyidir. Həmçinin, noyabrın 19-da agentlik Fondun uzunmüddətli emitent kredit reytinqi proqnozunu “sabit”dən “müsbət”ə dəyişib.
Ekspertlərin fikrincə, kreditləşmə standartlarının yaxşılaşması problemli kreditlərin azalmasına səbəb ola bilər. İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az” saytına verdiyi müsahibəsində, Mərkəzi Bankın kredit məsələləri üzrə qaydalarında sərtləşdirmələrin tətbiq olunduğunu qeyd edib. Onun sözlərinə görə, bankların kreditləşmə fəaliyyətinə yeni məhdudiyyətlər gətirilib ki, bu da kredit risklərini azaldır.
Həsənov, ABİF-in reytinqinin artırılmasının səbəbləri arasında dövlətlə əlaqələrinin möhkəmlənməsi və idarəetmədə risk mexanizmlərinin yenidən qurulmasını da vurğulayıb. Lakin ekspert hesab edir ki, bu dəyişikliklər Azərbaycanda problemli kreditlərin artımını tamamilə məhdudlaşdıra bilməz.
O, iqtisadi vəziyyətin pisləşməsi halında problemli kreditlərin artacağını, lakin bunun əvvəlki templərlə müqayisədə daha durğun bir sürətdə olacağını ifadə edib. Mərkəzi Bankın məqsədi isə, bu artımın tempini azaltmaqdır.