Türkiyə şirkəti Azərbaycanı regional inkişaf mərkəzinə çevirmək istəyir

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Türkiyənin oynaq sağlamlığı və tibbi texnologiyalar sahəsində fəaliyyət göstərən 'Greentech Biyoteknoloji' şirkəti, Azərbaycanda yeni filial açıb. Şirkət, ölkəni gələcəkdə Avropa, Orta Şərq və şimal bazarları ilə əməkdaşlıq üçün regional inkişaf mərkəzine çevirmək niyyətindədir.
'Greentech Biyoteknoloji' filialının hüquqi ünvanı Bakı şəhərinin Nərimanov rayonunda yerləşir və qanuni təmsilçisi Teymur Abdullayevdir. Filialın açılması ilə bağlı məlumat verən şirkətin təsisçi ortağı və baş direktoru Kadir Gökbakan, bu addımın bölgədəki genişlənmə planlarının həyata keçirilməsi baxımından önəmli olduğunu qeyd edib.
2019-ci ildən fəaliyyət göstərən 'Greentech Biyoteknoloji', ortopediya və idman cərrahiyyəsi sahəsində tibbi məhsulların istehsalı ilə yanaşı, PRP hazırlama sistemləri və sümük toxuması ilə bağlı materiallar təqdim edir. Şirkət həmçinin tədqiqat və məhsul inkişafı işləri ilə də məşğuldur.
Kadir Gökbakan, Azərbaycanda ilk hədəflərinin yerli bir komanda yaratmaq və yerli tərəfdaşlarla əməkdaşlıq qurmaq olduğunu bildirdi. O, ölkənin coğrafi mövqeyinin regional genişlənmə qərarlarının əsas səbəblərindən biri olduğunu vurğulayıb. Şirkət, Azərbaycan vasitəsilə şimal bazarlarına, Türkiyə vasitəsilə isə Orta Şərq və Avropa ilə əlaqələri inkişaf etdirməyi planlayır.
Daha əvvəl 'Greentech Biyoteknoloji' Azərbaycanın 'Medline Group' MMC ilə ortobiologiya və cərrahiyyə sahələrində əməkdaşlıq etdiyini açıqlamışdı. Kadir Gökbakan, birlikdə oynaq sağlamlığı üzrə yeni layihələr və investisiyalar həyata keçirməyi niyyət etdiklərini əlavə edib.