Fizika dərsliyinin müəllifindən ittihamlara CAVAB

Ezonn TV «Azərbaycan müəllimi» mənbəsinə istinadən xəbər verir.
Baku TV-də yayımlanan “Aktual gündəm” proqramında fizika dərsliklərinin məzmunu ilə bağlı müzakirələr keçirilib. Verilişdə müəlliflərə qarşı iradlar irəl sürülüb. Hazırkı 7-11-ci sinif fizika kurikulumunun layihə rəhbəri Yalçın İslamzadə sosial media hesabında bu ittihamlara cavab verərək məsələyə münasibətini bildirərək, iradların bəzilərini əsassız sayıb.
İslamzadə, proqramın aparıcısı Elçin Əlibəylinin bəzi ifadələrini peşə etikası baxımından uyğunlaşdırmadığını vurğulayıb. O, “Müəllifləri arı vurub” və “Yəqin evlərində belə maddə var” kimi ifadələrin jurnalistikaya yaraşmadığını qeyd edib. Eyni zamanda, professor Şahlar Əsgərovun “zəfərimizə kölgə salmaq istəyən düşmən qüvvələr” ifadəsinə də etiraz edib, bunun əsassız olduğunu söyləmişdir.
Müəllif, avtomobil mühəndisi Elçin Abbasovun iddialarına da cavab verib. O, Abbasovun fizik mütəxəssisi olmadığını və dərsliklərin hazırlanması sahəsində ixtisaslaşmadığını vurğulayıb. Həmçinin, Abbasovun aşkarladığı 300-ə yaxın məzmun səhvini də şübhə altına alıb.
İslamzadə, 7-ci sinif şagirdlərinə müasir elmi terminlərin təqdim edilməsinin pedagoji baxımdan məqsədəuyğun olmadığını bildirib. O, dərsliyin maddələrinin yaş xüsusiyyətlərinə uyğun olaraq təsvir edilməsinin zəruri olduğunu vurğulayıb. Müxtəlif beynəlxalq təhsil mənbələrindən nümunələr çəkərək, orta məktəbdə dərslərin akademik dəqiqlikdən daha çox anlaşılır olmasına vurğu edib.
Nəticə olaraq, İslamzadə, dərsliklərdə aşkarlanan səhvlərin düşmənçilik olaraq təqdim edilməsi əvəzinə konstruktiv şəkildə müzakirə olunmasının vacibliyini qeyd edib. Mütəxəssislərin qarşılıqlı anlaşmaya gəlməsinin, nöqsanları aradan qaldırmaq üçün daha məhsuldar bir yol olduğunu bildirib.