Ezonn Xəbər

Çingiz Əsədullayevin əmlakları satışa çıxarılır

Çingiz Əsədullayevin əmlakları satışa çıxarılır
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Ləğv prosesində olan "AGBank" ASC-nin iki əmlakı 7 milyon 250 min manat ilkin qiymətlə satışa çıxarılır. Hərrac 2 dekabr 2023-cü il tarixində keçiriləcək. Birinci əmlak Yasamal rayonunda, Bəsti Bağırova küçəsi, 2 ünvanında yerləşən təmirli qeyri-yaşayış binasıdır. Bu bina 965 kvadratmetr sahəsi olan torpaq sahəsində inşa edilib və onun ilkin satış qiyməti 6 milyon 500 min manatdır. İkinci əmlak isə Nəsimi rayonunda, Rəşid Behbudov küçəsi, 381-ci məhəllə, ev 71 ünvanında yerləşir. Burada 17 mərtəbəli binanın birinci mərtəbəsi və antresolunda 230.20 kvadratmetr sahədəki təmirli qeyri-yaşayış sahəsi satışa çıxarılıb. Bu obyekt üçün ilkin qiymət 750 min manat olaraq təyin edilib. "AGBank"ın əsas səhmdarı keçmiş deputat Çingiz Əsədullayevdir. Bank, Mərkəzi Bank tərəfindən 12 may 2020-ci ildən ləğv edilib, o dövrdə kapitalını itirmiş və kreditorlar qarşısında öhdəliklərini yerinə yetirə bilməmişdir. Aprelin sonuna olan məlumatlara əsasən, bankın kredit portfelinin 51 faizi qeyri-işlək vəziyyətdə olub. Mütləq kapitalın bərpası üçün 212 milyon manat tələb olunub, bankın isə həmin dövrdəki məcmu kapitalları mənfi 167 milyon manat olub. Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixindəki qərarı ilə "AGBank" müflis elan edilib və onun ləğvi üçün Əmanətlərin Sığortalanması Fondu təyin olunub.