Sabiq deputatın əmlakları satışa çıxarılır

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Ləğv prosesində olan "AGBank" ASC-nin Bakıda yerləşən iki daşınmaz əmlakı, ümumi 7 milyon 250 min manat ilkin qiymətlə dekabrın 2-də hərraca çıxarılacaq. Bu əmlaklar, müflis elan edilən bankın aktivləri arasında yer alır.
Satışa çıxarılan əmlaklardan biri Yasamal rayonu, Bəsti Bağırova küçəsində, 615-ci məhəllədə yerləşən təmirli qeyri-yaşayış binasıdır. Ümumi sahəsi 965 kvadratmetr olan bu obyekt üçün 6 milyon 500 min manat ilkin satış qiyməti müəyyən edilib.
Digər obyekt Nəsimi rayonu, Rəşid Behbudov küçəsində, 381-ci məhəllədə yerləşir. Burada 17 mərtəbəli binanın birinci mərtəbəsi və antresolu daxil olmaqla, 230.20 kvadratmetr sahəsi olan təmirli qeyri-yaşayış sahəsi 750 min manat qiymətlə satışa çıxarılır.
Qeyd edək ki, "AGBank"ın əsas səhmdarı və Müşahidə Şurasının sədri Milli Məclisin keçmiş deputatı Çingiz Əsədullayevdir. Bankın digər səhmdarları arasında Beynəlxalq Maliyyə Korporasiyası (IFC), "Kazimir Partners" şirkəti və bir sıra şəxslər yer alır.
Mərkəzi Bank "AGBank"ın lisenziyasını 12 may 2020-ci ildə ləğv edib, bu zaman bankın kapitalını tam itirdiyi bildirilib. Aprelin sonunda bankın kredit portfelinin 51 faizi qeyri-işlək olub. Bakı Apellyasiya Məhkəməsi isə 14 may 2020-ci il tarixində bankı müflis elan edərək iflas proseduruna başlanılması qərarını verib.