Naxçıvanda “AzerGold” məhsullarının sərgi-səyyar satış günləri keçirilib

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Naxçıvan şəhərində “AzerGold” QSC-nin istehsalı olan qızıl və gümüş məhsullarının sərgi-səyyar satış günləri baş tutub. Üç gün davam edən tədbir, yerli sakinlərin “AzerGold” brendi altında istehsal olunan məhsullarla tanış olmasını, qiymətli metal məhsullarının daha geniş auditoriyaya təqdim olunmasını və əlçatanlığını artırmağı hədəfləyir.
Sərgi-səyyar satış günləri çərçivəsində ziyarətçilərə müxtəlif çeşiddə qızıl və gümüş məhsulları təqdim edilib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “100 il və onun fövqündə bir irs” adlı üçölçülü qızıl sikkə, “Naxçıvan” və “Qarabağ” kolleksiyaları, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən 27 çeşiddə sikkə ziyarətçilərin diqqətini cəlb edib.
Tədbirin xüsusi maraq doğuran məhsullarından biri, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin irsinə həsr edilmiş üçölçülü gümüş xatirə sikkəsidir. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 900 illik yubileyi səbəbindən hazırlanan bu məhsul ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
İştirakçılar sərgilənən məhsulların dizaynı, çeşidi və əldə olunma imkanları barədə ətraflı məlumat alıb, həmçinin bəyəndikləri məhsulları tədbir zamanı satın alma imkanı əldə ediblər. Bu təşəbbüs, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına, milli istehsalın təşviqinə və yerli brendlərə çıxış imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli bir addımdır.
“AzerGold” QSC, 2026–2028-ci illər üzrə marketinq və pərakəndə satış strategiyası çərçivəsində, Naxçıvandan əlavə, müxtəlif regionlarda qiymətli metal məhsullarının tanıdılması məqsədilə sərgi-səyyar satış günlərini davam etdirəcək.