Azərbaycanda metal filizi hasilatının həcmi 1 mlrd. manatı keçib

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda 2026-cı ilin yanvar-oktyabr aylarında metal filizlərinin hasilatı sahəsində istehsalın dəyəri 1 milyard 13.9 milyon manat, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə real ifadədə 54.6% artmışdır. Bu məlumatlar, Dövlət Statistika Komitəsinin hesabatında əksini tapıb.
Hesabat dövründə ölkədə 15 998.7 ton mis konsentratı istehsal olunmuşdur ki, bu göstərici 2025-ci ili ilə müqayisədə 4.8 dəfə daha çoxdur. Noyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 930.6 ton hazır mis konsentratı qalıb.
Yanvar-oktyabr aylarında qızıl hasilatında da artım müşahidə olunub; bu dövrdə 2 763.6 kiloqram qızıl istehsal edilərək, illik müqayisədə 6.6% artım göstərib. Eyni zamanda, müvafiq dövrün sonunda hazır qızıl ehtiyatı 419.2 kiloqram təşkil edib.
Gümüş hasilatı isə əvvəlki ilin eyni dövrünə yaxındır; on ayda 3 221.3 kiloqram gümüş istehsal olunub və bu göstərici 0.1% artım göstərib. Noyabrın 1-nə gümüş ehtiyatı 786 kiloqram olub.
Mədənçıxarma sənayesinə göstərilən xidmətlərin dəyəri 2 milyard 740.5 milyon manata yüksəlib. Bu sektorda məhsul istehsalı isə sabit qiymətlərlə əvvəlki ilin eyni dövrünə nisbətən 27% artıb. Ümumilikdə, 2026-cı ilin yanvar-oktyabr ayında mədənçıxarma sənayesində 36 milyard 84.4 milyon manatlıq məhsul istehsal edilib, lakin xam neft və təbii qaz hasilatı üzrə istehsal 32 milyard 151.6 milyon manat təşkil edərək illik müqayisədə 2.9% azalıb.