Mehriban Əliyeva və qızlarına ənənəvi Vyetnam qəhvəsinin hazırlanma üsulu göstərildi

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Ti An Suan ilə görüş keçirib. Görüşdə iki ölkə arasında mövcud dostluq münasibətlərinin inkişafının vacibliyi qeyd olunub.
İki xalq arasında uzunmüddətli dostluq tarixi olduğu vurğulandı. Dövlət başçılarının qarşılıqlı səfərləri nəticəsində tərəfdaşlığın güclənməsi və siyasi etimadın artması dəstəklənilib. Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ötən il Azərbaycana səfəri zamanı strateji tərəfdaşlıq haqqında Birgə Bəyanatın qəbul olunduğu bildirilib.
Vo Ti An Suan, Azərbaycana etdiyi səfərdə iştirak etdiyi görüşləri məmnunluqla xatırlayıb. O, xüsusilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Bakıda keçirilən Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev və Mehriban Əliyeva ilə olan görüşünü önə çəkib.
Görüşdə xalqlar arasında qeyri-hökumət səviyyəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bu kontekstdə, Leyla Əliyevanın Vyetnama səfəri zamanı göstərdiyi yardımların iki xalq arasında dostluğun simvolu olduğu qeyd olunub. Görüşün sonunda Azərbaycanda qəhvə mədəniyyətinin əhəmiyyəti ilə bağlı Mehriban Əliyevaya, qızlarına ənənəvi Vyetnam qəhvəsinin hazırlanma üsulu nümayiş etdirilib.