Yeni müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə yeni 57B nömrəli müntəzəm avtobus marşrutu təsis edilir. Marşrutun fəaliyyətə başlaması 23 noyabr 2023-ci il tarixinə planlaşdırılıb.
Yeni marşrut xətti Məhəmməd Hadi küçəsini, metronun "Həzi Aslanov" stansiyasının yaxınlığını, Kazımağa Kərimov küçəsi (Sabah City) ilə birləşdirəcək. Bu addım, ərazidəki sakinlərin ictimai nəqliyyata daha rahat çıxışını təmin edəcək.
“Bakubus” MMC-yə aid olan marşrut xəttində 4 avtobus fəaliyyət göstərəcək. Hərəkət intervalı isə 15 dəqiqə təşkil edəcək ki, bu da sərnişinlərin gözləmə vaxtını minimuma endirəcək.
Xatırladaq ki, avtobuslarda ödəniş nağdsız qaydada həyata keçirilir. Gediş haqqı 0,60 AZN olaraq müəyyən edilib. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yaymışdır.