Sloveniya Rusiya vətəndaşlarına Şengen vizası verilməsini məhdudlaşdırıb

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Sloveniya, Rusiya vətəndaşları üçün viza qaydalarını sərtləşdirərək, turizm, təhsil və bir çox iş səfərləri üzrə müraciətlərin qəbulunu dayandırıb. Yeni məhdudiyyətlər noyabrın 16-dan qüvvəyə minib və bu, ölkədən kənarda yaşayan Rusiya vətəndaşlarını da əhatə edir.
Viza xidmətləri təqdim edən "VFS Global" şirkətinin açıqlamalarına görə, Sloveniya viza mərkəzləri, artıq Rusiya daxilində turizm və təhsil məqsədli müraciətləri qəbul etmir. Həmçinin, əmək fəaliyyəti ilə bağlı səfərlərin əksəriyyəti də bu məhdudiyyətlərə daxildir.
Bununla belə, müəyyən kateqoriyalar üzrə müraciətlərin qəbuluna davam olunmaqdadır. Belə ki, Avropa İttifaqı vətəndaşlarının ailə üzvlərinə, əvvəlcədən səfirliklə razılaşdırılmış işgüzar səfərlər, konfranslar və beynəlxalq yükdaşımalar sahəsində çalışan şəxslərin müraciətləri hələ də qəbul olunur.
Eyni zamanda, xaricdə yaşayan Rusiya vətəndaşlarına yardım göstərən “Kovçeq” təşkilatının məlumatına görə, Sloveniyanın Serbiyadakı səfirliyi artıq təsdiqlənmiş viza görüşlərini ləğv etməyə başlayıb. Noyabrın 16-17-də, ən azı doqquz müraciətçinin görüşü ləğv edilib.
Qeyd edək ki, 2025-ci ildə Sloveniya tərəfindən Rusiya vətəndaşlarına yalnız 1 254 Şengen vizası verilib. Avropa İttifaqında da bu cür məhdudiyyətlərin tətbiqi müzakirə olunur. Sloveniya Xarici İşlər Nazirliyi, Aİ-nin Rusiya ilə bağlı daha sərt viza siyasətini dəstəklədiyini açıqlayıb.