Belarus Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfər edib - FOTOLAR

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycan və Belarus respublikaları arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planı çərçivəsində Belarus Silahlı Qüvvələrinin nümayəndə heyəti Bakı şəhərinə səfər edib. Səfərə, Silahlı Qüvvələrin rabitə rəisi polkovnik Pavel Prasol rəhbərlik edir.
Müdafiə Nazirliyindən alınan məlumata görə, qonaqlar Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində "Rabitənin təşkili və rabitə bölmələrinin tətbiqi üzrə işçi görüşü" keçiriblər. Bu görüş zamanı rabitə bölmələrinin tətbiqi və digər mühüm məsələlərə dair qarşılıqlı fikir mübadiləsi aparılmışdır.
Nümayəndə heyəti daha sonra N saylı hərbi hissəyə baş çəkib. Burada, Azərbaycan Ordusunun rabitə işinin təşkili barədə ətraflı məlumat verilib, müasir rabitə vasitələri və texnikalar nümayiş olunub.
Səfər çərçivəsində qonaqlar Heydər Əliyev Mərkəzini və Hərb Tarixi Muzeyini ziyarət edərək, Azərbaycanın hərb tarixi və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarla tanış olublar. Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə şəkilləri çəkdirilib.
Mühüm əhəmiyyət kəsb edən bu səfər, iki ölkə arasında qoşunlarda rabitə işinin təşkili sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi və kadr hazırlığı istiqamətində əlaqələrin inkişafını gücləndirəcək.