Ezonn Xəbər

Kolleclərə tələbə qəbulunun nəticələri müzakirə olunub

Kolleclərə tələbə qəbulunun nəticələri müzakirə olunub
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Noyabrın 20-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində 2026–2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə dair görüş keçirilib. Toplantıda orta ixtisas təhsili müəssisələrinin rəhbər və işçi heyəti iştirak edib. Nazirlikdən verilən məlumata əsasən, müzakirələr zamanı cari tədris ilinin qəbul göstəriciləri əvvəlki illərlə müqayisə olunub. Görüşdə sahənin inkişaf perspektivləri və qarşıda duran vəzifələr geniş müzakirə edilib. Elm, ali və peşə təhsili sahəsində həyata keçirilən islahatlar, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər və təhsil müəssisələrindən gözləntilər barədə məlumat verilib. Görüşün açılışını edən Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman iştirakçılara mövcud durumla bağlı ətraflı məlumat təqdim edib. Sonda, sektor müdiri Səbinə Babayeva tərəfindən hazırlanan təqdimatla 2021–2022-ci tədris ilindən başlayaraq tələbə qəbulunun dinamikası və faktiki göstəriciləri barədə məlumat verilib. Təqdimatda qəbul olunan tələbələrin demoqrafik göstəriciləri və məzunların məşğulluq vəziyyəti də təhlil edilib. Həmçinin, təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması və tələbə qəbulu planlaşdırılarkən bazar ehtiyaclarının nəzərə alınması məsələləri müzakirə edilib. Görüşün sonunda orta ixtisas təhsili müəssisələrinin rəhbərləri ilə tələbə qəbulunun nəticələri, mövcud çağırışlar və qarşıda duran prioritet vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.