“Dünənimiz - bugünümüz” layihəsinin təqdimat mərasimi keçirildi - FOTOLAR

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
Azərbaycan musiqi irsinin qorunması və təbliği məqsədini güdən “Dünənimiz – bugünümüz” adlı layihənin təqdimat mərasimi keçirilib. Mərasimə media nümayəndələri də qatılıb.
Təqdimat mərasimində layihənin ideyası, məqsədi, hazırlanma prosesi və musiqi konsepsiyası ilə bağlı ətraflı məlumat verilib. İştirakçılara layihəni əks etdirən videoçarx nümayiş olunub ki, bu da tədbirə rəng qatıb.
Layihənin əsas məqsədi, Azərbaycan musiqi tarixində dərin iz qoymuş yeddi xanım sənətkarın yaradıcılığını yenidən gündəmə gətirməkdir. Bu sənətkarlar arasında Yavər Kələntərli, Fatma Mehrəliyeva, Nərminə Məmmədova, Şövkət Ələkbərova, Rübabə Muradova, Sara Qədimova və Zeynəb Xanlarova yer alır.
Həmin sənətkarların yaddaşlarda iz qoymuş ifaları, müğənni Yaqut Xəlilzadə tərəfindən müasir formada yenidən təqdim edilərək, orijinal ifaların bədii ruhunu qorumaqla yanaşı, yeni musiqi yanaşması ilə bugünkü dinləyicilərə çatdırılması planlaşdırılır.
Təqdimatdan sonra keçirilən mətbuat konfransında yaradıcı heyətə suallar ünvanlanmış, layihənin ərsəyə gəlməsi, seçilən sənətkarlar və gələcək planlarla bağlı müzakirələr aparılmışdır. Layihənin rəhbəri Asif Kərimov, prodüseri və konsertmeysteri Fərid Atazadədir. Bu layihə, milli musiqi irsinin yaşadılması və yeni nəsillərə tanıdılması məqsədini güdür.