Ər-Riyaddan TƏCİLİ TƏXLİYƏ çağırışı - “Yaxın saatlarda ZƏRBƏ ENDİRƏCƏYİK”

Ezonn TV «Editor.az» mənbəsinə istinadən xəbər verir.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya, Yəmənin strateji əhəmiyyətli Hudeydə şəhərindəki sakinləri liman ərazisindən təxliyə etməyə dəvət edib. Bu barədə Yaxın Şərq KİV-ləri məlumat verib.
Hudeydə, husilərin nəzarəti altında olub, burada hərbi əməliyyatlar üçün zəruri yüklər və humanitar yardım daşınması həyata keçirilir. Koalisiya güclərinin burada zərbə endirəcəyi halda, husilərin Qırmızı dənizdəki Səudiyyə limanlarına hücum edəcəkləri bildirilib.
Husilərin sözçüsü Yəhya Sariya bildirib ki, əgər koalisiya Hudeydə limanına zərbələr endirərsə, Ciddə limanı da daxil olmaqla, Səudiyyə Ərəbistanının bütün Qırmızı dəniz sahilindəki limanları husilərin hədəfi olacaq. O, Səudiyyə limanlarının işçilərini təxliyə olmağa, gəmiçilik şirkətlərini isə gəmilərini limanlardan çıxarmağa çağırıb.
Daha öncə, koalisiya tərəfindən Yəmənin Səada şəhərindən şimaldakı elektrik stansiyaları və Mox liman şəhərinə aviazərbələr endirildiyi bildirilib. Hələlik koalisiya bu xəbərlərə münasibət bildirməyib, lakin Yəhya Sariya yaxın saatlarda husilərin Səudiyyə Ərəbistanının cənubundakı Şuqayk elektrik stansiyasına zərbə endirəcəyini açıqlayıb.
Sariya, aviaşirkətləri Səudiyyə Ərəbistanının hava məkanında uçuşlardan çəkinməyə çağırıb. Məlumata görə, husilər yaxın günlərdə genişmiqyaslı hərbi əməliyyatlara başlayacaqlar.