Ezonn Xəbər

Ağdamda Şəhər Günü münasibətilə silsilə tədbirlər keçirilib

Ağdamda Şəhər Günü münasibətilə silsilə tədbirlər keçirilib
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. 20 noyabr tarixində Ağdam Şəhəri Günü münasibətilə şəhərdə geniş ictimai-mədəni tədbirlər keçirilib. Bu gün ilk dəfə qeyd olunduğu üçün tədbirlər daha da xüsusi əhəmiyyət kəsb edir. Tədbirlər, Qarabağ atlarının İmarət Kompleksinə doğru yürüşü ilə başlayıb. Gün ərzində təşkil olunan yarmarkada yerli istehsalçıların məhsulları nümayiş etdirilərək, qonaqlara milli mətbəx nümunələri təqdim olunub. Həmçinin, bayram proqramı çərçivəsində Qarabağ atlarının şousu, cövkən oyunu, canlı milli musiqi çıxışları və digər əyləncəli fəaliyyətlər yer alıb. Ağdam Muğam Mərkəzində, incəsənət sərgiləri və məktəblilər üçün rəsm üzrə ustad dərsləri keçirilib. Mərkəzin amfiteatrında “Qaya” qrupunun iştirakı ilə konsert proqramı təşkil edilib, eyni zamanda, Ağdam şəhəri haqqında sənədli film nümayiş etdirilib. Günün davamında, Ağdam şəhər 1 nömrəli tam orta məktəbində uşaqlar üçün “Göyçək Fatma” tamaşası göstərilib. Rəsmi şəxslər incəsənət sərgiləri ilə tanış olaraq, Ağdam Muğam Mərkəzinin səhnəsində “Ağdam üçün oxu” klipi nümayiş etdiriblər. Bayram proqramı atəşfəşanlıqla başa çatıb. Tədbirlərdə dövlət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, Ağdam sakinləri və şəhərin qonaqları iştirak ediblər.