“Müxalifət Azərbaycan, Türkiyə və Gürcüstana ərazi iddiası irəli sürür” - Rubinyan

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Ermənistan parlamentinin spikeri Ruben Rubinyan, bu gün keçirilən iclasda müxalifəti Azərbaycan, Türkiyə və Gürcüstana qarşı ərazi iddiaları irəli sürməkdə və sülh prosesinə mane olmaqda ittiham edib. O, müxalif “Güclü Ermənistan” fraksiyasının nümayəndələrinin açıqlamalarını diqqətə çarptırıb.
Rubinyan, müxalifət üzvü Marianna Qəhrəmanyanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvlərinin yaxalarında taxdığı Ermənistan xəritəsini “yarımçıq xəritə” adlandıraraq, bunun açıq şəkildə Ermənistanın ərazi iddialarını təmsil etdiyini vurğulayıb.
O, həmçinin, Ermənistan İnqilabi Federasiyası – “Daşnaksütyun” Partiyasının proqramından sitatlar gətirərək, “Birləşmiş Ermənistan” ideyasının sərhədlərini qeyd edib. Bu ideya, Sevr müqaviləsində müəyyən edilmiş torpaqları, o cümlədən Qarabağı, Cavaxetiyanı və Naxçıvanı əhatə edir. Rubinyan, bu informasiyanın müxalifətin real niyyətlərini ortaya qoyduğunu bildirib.
Ruben Rubinyan, müxalifətin məqsədinin sülh prosesinə mane olmaq olduğunu iddia edərək, “Sizin bir məqsədiniz var: buraya gəlib vətən, yarımçıq xəritə, qurbanlar haqqında pafoslu bəyanatlar vermək, lakin sülhə mane olmaq” sözləri ilə müxalifəti tənqid edib.