Ezonn Xəbər

Uşaq Fondu "Hökumət Evi"ndən çıxarılıb? - Açıqlama

Uşaq Fondu "Hökumət Evi"ndən çıxarılıb? - Açıqlama
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Mediada Azərbaycan Uşaq Fondunun "Hökumət evi"ndən çıxarılması ilə bağlı yayılan məlumatların yanlış şəkildə təqdim olunduğu bildirilib. Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin yaydığı açıqlamada vurğulanıb ki, fondun ofisi boşaldılmayıb, sadəcə bəzi düzəlişlər edilib. Açıqlamada qeyd olunur ki, tarixi memarlıq abidəsi olan "Hökumət evi"ndə aparılan monitorinqlər nəticəsində fonda ayrılan sahədən səmərəli istifadə olunmadığı və yalnız bir hissəsinin istifadədə olduğu müəyyən edilib. Eyni zamanda, fond üç il ərzində kommunal-istismar xərcləri üzrə borcunu ödəmədiyinə görə, 2026-cı il üzrə müqavilənin rəsmiləşdirilməsindən imtina edib. Fondun nümayəndələrinə borcun ödənilməsi və sahədən səmərəli istifadənin təşviqi məqsədilə dəfələrlə xəbərdarlıq edildiyi, lakin bu xəbərdarlıqların nəticəsiz qaldığı bildirilir. Buna görə, Fonda ayrılmış sahənin bir hissəsi boşaldılıb və oradakı əşyalar, nümayəndələrinin iştirakı ilə, zərər görmədən digər sahəyə köçürülüb. Xatırladaq ki, bir neçə saat əvvəl bir sıra mediada Uşaq Fondunun ofisinin boşaldıldığına dair məlumatlar yayılmışdı. Fondun sədrinin birinci müavini və icraçı direktoru Zəhra Bədəlbəyli bu məsələyə aydınlıq gətirərək, qeyd edib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları onlara heç bir sənəd təqdim etmədən ofisi boşaltmağı tələb ediblər. Zəhra Bədəlbəyli iki ay əvvəl də bu məsələ ilə bağlı videomüraciət yayıb.