Qubanın iki kəndini rayon mərkəzi ilə birləşdirən yol yararsız vəziyyətə düşüb
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir.
Qubanın Çinarlı və Nərimanabad kəndlərindən keçən yol, rayon mərkəzi ilə əlaqəni təmin etməyin çətinləşməsinə səbəb olub. Sakinlərin məlumatına görə, yolun asfalt örtüyünün dağılması, nəqliyyat vasitələrinin və piyadaların hərəkətini xeyli çətinləşdirir.
Sakinlər, yolun bu vəziyyətə düşməsini ərazidən yüzlərlə ağırtonnajlı yük maşınının hərəkəti ilə əlaqələndirir. Havanın yağıntılı olması dərin gölməçələrin yaranmasına səbəb olur ki, bu da hərəkəti demək olar ki, mümkünsüz edir. Eyni zamanda, qovşağın yaxınlığında yerləşən məktəbin şagirdlərinin təhlükə ilə üzləşməsi sakinlər arasında narahatlıq yaradır.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Quba 5 saylı Yol İstismarı İdarəsi, sözügedən yolda yaranmış problem barədə məlumatlı olduqlarını açıqlayıb. Onlar, yolun əsaslı təmir olunmasının nəzərdə tutulduğunu və lazımi sənədlərin müvafiq qurumlara göndərildiyini bildirib.
Agentlik, havanın qeyri-sabit olmasını təmir işlərinin həyata keçirilməsindəki maneələrdən biri kimi qeyd edir. Hava şəraitinin mülayimləşməsi ilə yanaşı, yolda təmir-bərpa işlərinə başlanılacağı bildirilib.