Ezonn Xəbər

Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd olundu

Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd olundu
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. 20 noyabr – Ağdam Şəhəri Günü münasibətilə Ağdam şəhərində silsilə bayram tədbirləri baş tutub. Tədbirlər, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, ASAN Xidmət, Qarabağ Dirçəliş Fondu, Azərbaycan Respublikası Atçılıq Federasiyası, Aqrar Tədarük və Təchizat ASC ilə birgə təşkil olunub. Tədbirin məqsədi, Ağdamın işğaldan azad olunmasını qeyd etmək, milli-mənəvi dəyərləri təbliğ etmək və doğma yurdlarına qayıdan sakinlərə sevinc dolu anlar yaşatmaqdır. Bayram, hərbçilərin və Qarabağ atlarının şəhər küçələri ilə İmarət Kompleksinə doğru yürüşü ilə başlayıb. Gün ərzindəki yarmarkada yerli istehsalçılar müxtəlif məhsullarını təqdim edərək bayram tədbirlərini əks etdirib. Qonaqlara təqdim olunan milli mətbəx nümunələri bayrama xüsusi kolor gətirib. Həmçinin Qarabağ atlarının şousu, cövkən oyunu, musiqilər, maskotlar və canlı milli musiqi proqramları iştirakçılara bayram əhval-ruhiyyəsi bəxş edib. Ağdam Muğam Mərkəzində incəsənət sərgiləri təşkil edilib, məktəblilər üçün rəsm ustad dərsləri verilib. Mərkəzin amfiteatrında “Qaya” qrupunun mini-konsert proqramı həyata keçirilib, eyni zamanda, Ağdam şəhəri haqqında sənədli film nümayiş olunub. Bayram proqramının sonunda rəsmi şəxslər incəsənət sərgiləri ilə tanış olub və Mərkəzdə “Ağdam üçün oxu” adlı klip nümayiş etdirilib. Bayramın finalında isə möhtəşəm qala-konsert təşkil olunub. Bu tədbirlərdə dövlət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, Ağdam sakinləri və digər qonaqlar iştirak edərək, bu unudulmaz günü birgə qeyd ediblər.