Ağdamın bunkerləri, erməni generalları və 5 müdafiə xətti
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir.
Bu günlərdə Baku TV-nin "Qarabağ xronikası" verilişində Ağdamın beş müdafiə xətti və rayonun döyüşsüz azad edilməsi səbəbləri müzakirə edilib. Xüsusən, 1993-cü il iyulun 23-də işğal olunan Ağdamın strateji əhəmiyyəti vurğulanıb.
İşğal dövründə Ermənistan tərəfindən Ağdamda mina sahələri, səngərlər, artilleriya mövqeləri və komanda məntəqələri daxil olmaqla beş müdafiə xətti qurulmuşdur. Bunlardan, Çobandağ və Çeyildağda yerləşən komanda məntəqələri xüsusi önəm kəsb edir.
2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsinin ilk atəşləri Ağdamın işğal altındakı ərazilərindən açılıb. Lakin, Azərbaycan Ordusu düşmənin gözlədiyi istiqamət əvəzinə cəbhənin digər tərəflərində hərbi-strateji üstünlük qazanmağı bacardı.
Bu taktiki yanaşma nəticəsində, Ağdamın müdafiə xətləri birbaşa yarılmadan 2020-ci il noyabrın 20-də rayon döyüşsüz əldə edilib. Beləliklə, 27 illik işğaldan sonra Ağdam Azərbaycanın müstəqil nəzarətinə keçmiş oldu.