Avropanın 25 ölkəsində tələbə və gənclər etiraz aksiyaları keçirdilər

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 20-də Avropanın 25-dən çox ölkəsində tələbə və gənclərin etiraz aksiyaları keçirilib. Bu aksiyalar təhsil sisteminin maliyyələşdirilməsinin artırılması, iqlim problemi ilə mübarizə və bir sıra sosial məsələlər ətrafında baş verib.
Aksiyalar Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya və Xorvatiya kimi ölkələrdə təşkil olunub. Tələbələr təhsil müəssisələrinə ayrılan vəsaitin artmasını, məktəblərin və universitetlərin infrastrukturunun yaxşılaşdırılmasını, iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin gücləndirilməsini və məcburi hərbi xidmətin ləğvini tələb ediblər.
Almaniyada “Gen Z regelt” adlı kampaniya çərçivəsində 73 şəhərdə etiraz aksiyaları təşkil olunub. Aksiyaların əksəriyyəti dinc şəraitdə keçib, iştirakçıların sayı isə bir neçə yüzdən bir neçə min nəfərədək olub. Berlində keçirilən aksiyada təxminən 4 min nəfər bir araya gəlib. Cologne şəhərində isə polis 5 min iştirakçının olması gözlənsə də, minlərlə insan aksiyaya qatılıb.
İtaliyada isə nümayişlər daha genişmiqyaslı xarakter daşıyıb. Burada etirazçılar Baş nazir Corcia Meloninin iqtisadi siyasətinə qarşı çıxaraq, əməkhaqlarının artırılmasını və ictimai xidmətlərə xərclərin artırılması tələblərini irəli sürüblər. Parisdəki aksiyada iştirak edən amerikalı tələbə Evelin, gələcəkdə yaşayış xərclərinin artması və iqlim böhranı fəsadlarının narahat etdiyini vurğulayıb.
Etirazlar zamanı iştirakçılar arasında Fələstin bayraqları qaldıranlar da olub. Plakatlarda hərbi xərclərin azaldılması və yaşayış xərclərinin yüksək olması ilə bağlı çağırışlar yer alıb. Bu aksiyalar Avropada gənclərin sosial-iqtisadi tələblərlə bağlı narahatlıqlarının artdığını bir daha göstərib.