Fransada növbəti aksiyalar: 70 min polis səfərbər olunur

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Fransanın mərkəzi Paris şəhərində ‘Sarı jiletlilər’ hərəkatı bu həftəsonu, noyabrın 21-də etiraz aksiyaları təşkil edəcək. Aksiyalar, hərəkatın səkkizinci ildönümünə təsadüf edir. Hərəkata gənclər təşkilatları və həmkarlar ittifaqları da qoşulacaq.
Aksiyaların keçirilməsi planlaşdırılan marşrut Respublika meydanı (Place de la République) ilə Nation meydanı arasında olacaq. Bu yürüşün saat 14:00-da başlaması gözlənilir. Hərəkatın koordinasiya qurumu əvvəlcə Bastiliya və Konkord meydanları arasında yürüş keçirməyi planlaşdırsa da, hakimiyyət orqanlarının təsdiqləmədiyi marşrutu dəyişərək yeni istiqamətdə təşkil etməyə qərar verib.
Noyabrın 21-də Fransada 167 aksiyanın keçiriləcəyi bildirilir. Keçən həftə, noyabrın 14-də, ölkə üzrə keçirilən etiraz aksiyalarında Daxili İşlər Nazirliyinin məlumatına görə, 106 min nəfər iştirak edib. Gənclər təşkilatları isə bu sayın 200 minə çatdığını iddia edir, paytaxt Parisdə isə 24 min nəfər iştirak edib.
Daxili işlər naziri Loran Nünez, aksiyalar zamanı 70 min polis və jandarmın səfərbər ediləcəyini açıqlayıb. O, hüquq-mühafizə orqanlarına qarşı düşmən mövqedə olan qruplara xüsusi diqqət yetirməyi tövsiyə edib. Eyni zamanda, nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyinin qorunmasının vacibliyini vurğulayıb.