Uşaq Fondunun "Hökumət evi"ndən çıxarılması ilə bağlı məlumatlar təhrif olunub

Ezonn TV «Pravda.az» mənbəsinə istinadən xəbər verir.
Mediada Azərbaycan Uşaq Fondunun "Hökumət evi"ndən çıxarılması ilə bağlı yayılan xəbərlər, reallığı yalnış şəkildə təqdim edir. Əmlak Məsələləri Dövlət Xidmətinin açıqlamalarına əsasən, monitorinqlər zamanı Fondun ona ayrılmış sahədən istifadə etmədiyi və kommunal xərclər üzrə üç il ərzində borcunu ödəmədiyi müəyyən olunub.
Həmçinin, Fond 2026-cı il üzrə kommunal-istismar müqaviləsinin rəsmiləşdirilməsindən imtina edib. Bu müddət ərzində Fondun nümayəndələrinə dəfələrlə borcun ödənilməsi və sahədən daha səmərəli istifadənin zəruriliyi ilə bağlı xəbərdarlıqlar edildi, lakin nəticəsiz qaldı.
Nəticə etibarilə, Fonda ayrılmış sahənin bir hissəsi boşaldılıb və Fonda aid əşyalar zərər vermədən digər hissəyə köçürülüb. Bu addım, Fondun fəaliyyəti ilə bağlı ciddi problemlərin olduğu qənaətinə əsaslanır.
Bu günlərdə bir neçə sayt və sosial media platformasında uşaq fondunun ofisinin boşaldıldığına dair xəbərlər yayımlanıb. Fond sədrinin birinci müavini, musiqiçi Zəhra Bədəlbəyli, Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşlarının onlara hər hansı formal sənəd təqdim etmədən ofisi boşaltmağı tələb etdiklərini vurğulayıb. O, iki ay əvvəl də bu məsələ ilə bağlı videomüraciət yayımlamışdı.