Ezonn Xəbər

Siqaret kəskin bahalaşacaq - Bu tarixdən

Siqaret kəskin bahalaşacaq - Bu tarixdən
Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir. Azərbaycana idxal olunan siqaret və digər tütün məhsulları üzrə gömrük rüsumlarının artması ilə bağlı yeni qərar qəbul edilib. Nazirlər Kabineti tərəfindən "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edilib. Bu qərar 2030-cu ilin sonunadək tətbiq olunacaq. Yeni qaydalara əsasən, siqar, siqaret və siqarillaların gömrük rüsumu 15% olaraq müəyyən edilib, lakin minimum rüsum hər 1 000 ədəd üçün 3 ABŞ dollarından az olmamalıdır. Hal-hazırda bu məhsullar üzrə 1 000 ədədə tətbiq olunan minimum rüsum 0,5 ABŞ dolları olub. Beləcə, minimum spesifik rüsum 6 dəfədən çox artırılıb. Mütəxəssislərin fikrincə, bu dəyişikliklər siqaretin istehlak bazarındakı qiymətinə birbaşa təsir edəcək. AQC İdarə Heyətinin sədri, iqtisadçı Vüqar Oruc bildirib ki, gömrük rüsumlarının artması məhsulun topdansatış qiymətində özünü göstərəcək. Minimum rüsumun 0,5 dollardan 3 dollara qaldırılması, xüsusilə ucuz məhsul təqdim edən idxalçılar üçün çətinlik yaradacaq. Oruc, siqaretlərin topdansatış qiymətinin minimum 15-20 qəpik bahalaşacağını vurğulayıb. Pərakəndə satış məntəqələrində isə bir qutunun qiymətinin 40-50 qəpik artması gözlənilir. İdxalçılar, əlavə xərcləri adətən istehlak qiymətlərinə əks etdirirlər. Bununla əlaqədar, hökumətin qəbul etdiyi yeni qərarın, növbəti ildən siqaret qiymətlərində əhəmiyyətli artıma səbəb olacağı dəqiqdir.