Deputat vətəndaşı təhqir etdi: “Sizin kimi danabaşlar...”

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Son zamanlar sosial şəbəkələrdə mübahisələr geniş vüsət alıb. Bu dəfə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa ilə vətəndaş Yadulla Mədətov arasında, Elçibəyin adının çəkildiyi bir postda qalmaqal yaşanıb. Mədətov deputata yazdığı şərhdə, "Mən biləni hətta, ruhu şad olsun, oğlunuza rəhmətlik Elçibəyin adını qoymuşdunuz. Sonra nə oldu ki, Elçibəy yolundan döndünüz?" sualını ünvanlayıb.
Şərhdən əsəbləşən Fazil Mustafa, Mədətovu "danabaş" adlandıraraq, "Sizin kimi danabaşlar o qədər çoxaldı ki, o yolla Azərbaycana fayda vermək mümkün olmadı" ifadəsini işlədib. Bu reaksiya, digər sosial media istifadəçilərinin də etirazına səbəb olub.
Qeyd edək ki, belə bir davranış Azərbaycan qanunvericiliyinə görə ciddi nəticələr doğura bilər. Deputatlar, vətəndaşları təhqir etdikdə intizam, cinayət və mülki tədbirlərlə qarşılaşa bilərlər. Milli Məclisin İntizam Komissiyası, etik davranış qaydalarının pozulmasına dair araşdırma aparmaq səlahiyyətinə malikdir.
Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən kütləvi çıxışlarda və internetdə təhqir halında, 1000-1500 manat cərimə və ya 240-480 saat ictimai işlər cəzası tətbiq oluna bilər. Lakin deputatların cinayət məsuliyyətinə cəlb olunması üçün Baş prokurorun təqdimatı ilə Milli Məclisin razılığı tələb olunur. Bununla yanaşı, vətəndaş təkzib, üzr istənilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə müraciət edə bilər.