Ezonn Xəbər

Bakıda evin həyəti ikiyə ayrıldı — Video

Bakıda evin həyəti ikiyə ayrıldı — Video
Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində aktiv sürüşmə zonası aşkarlanıb. Yerli sakinlərin məlumatına görə, sürüşmə nəticəsində bir yaşayış evinin həyəti ikiyə ayrılıb. Sakinlər, bu ərazinin 5 il əvvəl də sürüşmə hadisəsinə məruz qaldığını bildirirlər. O dövrdə torpaq qatı uçub yola tökülmüşdü. İndi isə, Badamdar üçüncü massivinin yuxarı hissəsində başlayan sürüşmə, dərin çatların meydana gəlməsinə səbəb olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda qeyd olunub ki, ərazidə baş verən sürüşmənin aktiv fazada olduğu təsbit edilib. Nazirlik əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə əraziyə baxış keçirərək vəziyyətə qiymət veriblər. Nazirlik, vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi vasitəsilə müvafiq tədbirlər görüləcəyini bildirib. Bu tədbirlər arasında əhalinin təhlükəsiz yerə köçürülməsi və yaxınlıqdakı obyektlərin fəaliyyətinin müvəqqəti olaraq məhdudlaşdırılması da var. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri tərəfindən aparılan monitorinqlərdə sürüşmə sahəsindəki çatların daha da genişləndiyi və aktivliyin davam etdiyi müəyyən edilib. Bu vəziyyətin dinamikası diqqətlə izlənilir.