Ezonn Xəbər

Xəzər dənizinin səviyyəsinin 2050-ci ildən sonra yüksəlməsi ehtimal olunur

Xəzər dənizinin səviyyəsinin 2050-ci ildən sonra yüksəlməsi ehtimal olunur
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Son dövrlərdə aparılan tədqiqatlar Xəzər dənizinin səviyyəsinin 2050-ci ildən sonra artacağı ehtimalını ortaya qoyub. Araşdırmalara görə, XXI əsrin birinci yarısında dənizin səviyyəsi aşağı düşməyə davam edəcək. Lakin 2050-ci ildən sonra atmosferdə baş verən qərb proseslərinin artması dənizin səviyyəsini yüksəldə bilər. Bu haqda Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun İqlim şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Həsən Nəbiyev məlumat verib. O, bildirib ki, tədqiqatlarda Xəzər dənizinin su səviyyəsinin enməsi ilə yanaşı, ölkə ərazisində təhlükəli təbiət hadisələrinin artdığı da müəyyən olunub. Nəbiyev qeyd edib ki, qərb proseslərinin üstünlük təşkil etdiyi dövrlərdə Volqa çayı hövzəsində yağışların miqdarı normadan artıq olur. Bu isə çay axımlarının həcmini artıraraq dənizin səviyyəsinin yüksəlməsinə səbəb olur. Tədqiqatlar nəticəsində Günəş fəallığının dəyişməsinin, şimal-cənub istiqamətində prosesləri intensivləşdirdiyi, zəiflədiyi zaman isə qərb-şərq istiqamətində proseslərin gücləndiyinə dair mühüm faktlar əldə edilib.