Pezeşkian İranın sosial siyasətində ədalətsizlik olduğunu bildirdi

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
İran Prezidenti Məsud Pezeşkian, ölkənin kapital bazarına həsr olunmuş illik konfransında bölgələrin inkişafı üçün vəsaitin bölüşdürülməsi və işçilərə ödəniş sistemində ədalətsizlik olduğunu bildirərək, bu vəziyyətin sosial ədaləti təhlükəyə atdığını açıqlayıb.
Müsahibəsində Pezeşkian, əyalətlərdən gələn vəsaitlərin mərkəzə, yəni Tehrana yönəldilməsi məsələsini gündəmə gətirib. O, "Pul əyalətlərdən gəlir və Tehrana ayrılır. Pulun əyalətlərdən gəlməsi, inkişafın isə Tehranda baş verməsi məntiqlidirmi?" deyərək, mərkəzlə səth çarpazlığının insanlara ziyan vurduğunu vurğulayıb.
Bölgələrdə inflyasiyanın daha yüksək olduğunu qeyd edən Prezident, bunun nəticəsində insanların ucqar əraziləri tərk edərək daha iri şəhərlərə köçdüyünü bildirib: "Tehranda malların qiymətlərini sabit saxlayırıq, amma ucqar ərazilərdə inflyasiya əyalət mərkəzlərindəkindən daha yüksəkdir. Nəticədə insanlar həmin əraziləri tərk edib Tehran, Təbriz və Məşhədin kənarlarında məskunlaşırlar".
Pezeşkian, işçilərə ödəniş sistemindəki ədalətsizliyin də narahat edici olduğunu söyləyib. O, insanların davranışlarının vəsaitin necə bölüşdürülməsindən asılı olduğunu qeyd edərək, "Bu siyasəti biz müəyyənləşdiririk və burada ədalət diqqətdən kənarda qalıb" demişdir.
Eyni zamanda, hökumətinin sahibkarların fəaliyyətinə mane olan qaydaları dəyişməyə hazır olduğunu vurğulayan prezident, "Qanun və qaydalarla bağlı bir-birimizlə danışmalı, əl-ələ verməliyik" deyib. O, Ticarət Palatası və istehsalçılarla birgə işləməyi planlaşdırdıqlarını qeyd edib.