Endirim kampaniyaları: Gerçək fürsət, yoxsa istehlakçını aldatma taktikası?

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Son dövrlərdə endirim kampaniyaları, istehlakçıların alış qərarlarını əhəmiyyətli dərəcədə təsir edən ən güclü marketinq vasitələrindən birinə çevrilib. “Cebheinfo.az” tərəfindən aparılan araşdırmaya görə, "son fürsət", "yalnız bu gün", "50 faiz endirim" kimi ifadələr istehlakçılarda fürsəti qaçırmaq qorxusunu yaradır. Bu, bəzən insanların ehtiyac duymadığı məhsulları belə almağa vadar edir.
Bir çox istehlakçı alış-veriş zamanı, məhsulun həqiqətən lazım olub-olmadığına deyil, onun nə qədər ucuzlaşdığına əsaslanır. Məsələn, əvvəldən planlaşdırılmayan bir məhsulun qiymətinin 100 manatdan 60 manata endiyini görən alıcı, 40 manat qənaət etdiyini düşünür. Lakin əgər həmin məhsula ehtiyacı yoxdursa, əslində bu, əlavə xərc deməkdir.
Bu davranışın arxasında psixoloji mexanizmlər dayanır; insanlar itirmək qorxusuna, məhdud fürsət hissinə və ani məmnuniyyət arzusuna daha sürətli reaksiya verirlər. Endirim müddətinin bitməsi ilə bağlı xəbərdarlıqlar isə düşünmək və müqayisə etmək üçün vaxtın azalmasına səbəb olur. Nəticədə, alış qərarları daha çox emosional təsir altında formalaşır.
İlkin qiymətlərin təqdim edilməsi də diqqət çəkir. Bəzi hallarda, endirimli ilə əvvəlki qiymətlər arasındakı fərq istehlakçının daha çox qazandığı təəssüratını yaradır. Ancaq alıcıların bu ilkin qiymətlərin real bazar qiymətləri olub-olmadığını araşdırmaması, endirimlərin nə dərəcədə real olduğu suallarını gündəmə gətirir.
Onlayn alış-veriş platformaları bu tendensiyanı daha da artırır. Sayğaclar, geri sayım bildirişləri və məhdud sayda məhsul xəbərdarlıqları istehlakçıları daha tez qərarlar verməyə vadar edir. Nəticədə, endirim adı altında edilən alış-verişlər, evlərdə istifadəsiz qalan əşyaların, geyimlərin yığılmasına və ailə büdcəsində plansız xərclərin artmasına səbəb olur.
Əslində, endirim istehlakçılar üçün real qənaət imkanları da təqdim edə bilər. Lakin bunun üçün məhsulun ehtiyaca uyğun olması, qiymətlərin müqayisə edilməsi və tələskənlikdən çəkinilməsi önəmlidir.