Gürcü nazir Cənubi Qafqaz Boru Kəməri və BTC-nin strateji əhəmiyyətindən danışıb

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Gürcüstan Baş nazirinin müavini və iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, Varşavada keçirilən "Transatlantik Energetika və İqlim Əməkdaşlığı Tərəfdaşlığı" adlı yeddinci nazirlər toplantısında Cənubi Qafqaz Boru Kəməri və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin strateji əhəmiyyətini önə çəkib.
Nazir, Cənubi Qafqazın etibarlı tranzit dəhlizi rolunu oynadığını bildirərək, bu bölgənin Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində əsas rol oynadığını ifadə edib. Kvrivişvili, bu layihələrin Gürcüstanın enerji təchizatını şaxələndirdiyini və Avropanın enerji dayanıqlılığını artırmağa kömək etdiyini qeyd edib.
Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Azərbaycan təbii qazının Türkiyə və Avropa bazarlarına nəqlinin təmin edildiyini vurğulayan nazir, Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərlərinin isə Xəzər regionunu beynəlxalq bazarlarla birləşdirdiyini bildirib.
Gürcüstan, Azərbaycan, Türkiyə və Bolqarıstan arasında Antalyada imzalanmış təmiz enerji sazişinə də toxunan Kvrivişvili, bu təşəbbüsün Azərbaycan və Gürcüstanda istehsal olunan elektrik enerjisinin Türkiyə və Avropa İttifaqı ölkələrinə ixracına töhfə verəcəyini vurğulayıb.