Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və satışı ilə bağlı ziddiyyətli vəziyyətlər hökm sürür. Fermerlər yetişdirdikləri meyvə və tərəvəzləri münasib qiymətə sata bilmədikləri üçün məhsullarının bir hissəsi tarlalarda çürüyür. Bu halda, paytaxt və digər şəhərlərdə həmin məhsulların yüksək qiymətlərlə təklif olunması istehlakçılar arasında narazılıq yaradır.
İstehsalçı ilə istehlakçı arasında yaranan qiymət fərqi, kənd təsərrüfatında qabarıq olan problemləri, xüsusilə satış və tədarük zəncirindəki çatışmazlıqları yenidən gündəmə gətirir. Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli "Cebheinfo.az" saytına verdiyi müsahibədə bu problemlərin səbəblərini izah edir.
O, günümüzdə fermerlərin istehsal etdiyi bəzi meyvə və tərəvəzlərin satışa çıxarılmadığını, amma eyni məhsulların bazarda baha satılmasının aqrar sektorun əsas struktur problemlərindən biri olduğunu vurğulayıb.Problem demək olar ki, məhsulun istehsalı ilə deyil, istehsalçıdan istehlakçıya çatdırma mexanizminin səmərəsizliyi ilə bağlıdır. Fermer məhsulunu zamanında sata bilmədiyi üçün ucuz qiymətə, bəzən isə maya dəyərindən aşağıda satmağa məcbur olur.
Məhsulların saxlanılması, çeşidlənməsi və daşınması üçün infrastrukturun çatışmazlığı da ciddi problemlərdəndir. Tez xarab olan məhsul fermerlər üçün çox uzun müddət saxlanıla bilmir, buna görə də məhsulun bir hissəsi məhv olur. Qiymət fərqinin başında isə vasitəçilərin çox olmasının rolu da diqqətə alınmalıdır. Fermerdən alınan məhsul, topdansatış və pərakəndə satış vasitəçiləri tərəfindən qiymətə əlavə olunan xərclərlə istehlakçılara daha baha satılır.
Akif Nasirli bildirir ki, problemi aradan qaldırmaq üçün fermerlərlə ticarət şəbəkələri arasında birbaşa əməkdaşlıq mexanizmlərinin genişləndirilməsi vacibdir. Müasir soyuducu anbarların və çeşidləmə mərkəzlərinin yaradılması, eləcə də elektron satış platformalarının inkişafı fermerlərin istehsal etdiyi məhsulu daha sərfəli qiymətə bazara çıxarmasına yardım edəcək. Eyni zamanda, dövlətin aqrar siyasətinin yalnız istehsalın artırılmasına deyil, eyni zamanda onun satışının təmin edilməsinə də yönəlməsi zəruridir.