Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası rəsmi olaraq açılıb. Bu layihə kollec ilə azərbaycanlı tərəfdaşlar arasında davamlı əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Bakı guşəsində Şirvanşahlar Sarayının təsvirləri, Qız qalasının maketi, İçərişəhərin, Heydər Əliyev Mərkəzinin, “Alov Qüllələri”nin və Bakı buxtasının təsvirləri yer alıb. Kulinariya zonası isə Azərbaycan mətbəxinin təbliğinə xidmət edərək tələbələr üçün müvafiq təlimlərin təşkil olunmasını məqsəd qoyur.
Kollecin rektoru Trin Tri Tu Ha çıxışında, Vyetnam Prezidenti Ho Şi Minin Bakıya, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin isə Vyetnama səfərlərini xatırlayaraq, xalqlarımız arasındakı dostluğun bu səfərlərlə başladığını vurğulayıb. O, müstəqillik dövründə iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib.
Leyla Əliyeva, Azərbaycan mədəniyyətinə göstərilən diqqətə görə kollec rəhbərliyinə təşəkkürünü bildirərək, açılışın Hanoy sakinləri və Kollecin tələbələri üçün Azərbaycanın daha yaxından tanımasına töhfə verəcəyinə inandığını ifadə edib. O, həmçinin bu tədbirin Azərbaycan Prezidentinin Vyetnama rəsmi səfəri günlərində keçirildiyinin rəmzi məna daşıdığını söyləyib.
Tədbirdə, Azərbaycan və Vyetnam dostluğuna həsr olunmuş mahnılar, Vyetnam dilində “Arşın mal alan” musiqili komediyasından parçalar və yeni bəstələnmiş “Azərbaycan-Vyetnam” mahnısı ifa edilib.