Ezonn Xəbər

Hanoyda Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb

Hanoyda Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılışı baş tutub. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Bu layihə Kollecin azərbaycanlı tərəfdaşları ilə davamlı əməkdaşlıq çərçivəsində həyata keçirilib. Bakı guşəsində Şirvanşahlar Sarayının təsvirləri, Qız qalasının maketi, İçərişəhərin, Heydər Əliyev Mərkəzinin və “Alov Qüllələri”nin təsvirləri nümayiş etdirilib. Eyni zamanda, kulinariya zonası Azərbaycan mətbəxinin təbliğinə xidmət edəcək. Burada Kollecin tələbələri üçün Azərbaycan mətbəxinə dair təlimlərin keçirilməsi planlaşdırılır. Tədbirdə çıxış edən Kollecin rektoru Trin Tri Tu Ha, xalqlarımız arasında dostluğun təməlini Vyetnam Prezidenti Ho Şi Minin Bakıya, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin isə Vyetnama səfərləri ilə qoyulduğunu vurğulayıb. Ayrıca, müstəqillik dövründə iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib. Rektor, eyni zamanda Leyla Əliyevanın keçən ilin aprelində Kollecin kollektivi ilə keçirdiyi görüşü yad edib və Heydər Əliyev Fondunun bu təhsil ocağına verdiyi dəstəyi məmnuniyyətlə xatırlayıb. Leyla Əliyeva açılışda Azərbaycan mədəniyyətinə göstərilən diqqətə görə Kollecin rəhbərliyinə təşəkkürünü bildirib. O, Bakı guşəsinin və Azərbaycan kulinariya zonasının tələbələr və Hanoy sakinləri üçün Azərbaycanı daha yaxından tanımaqda mühüm rol oynayacağına əmin olduğunu ifadə edib. Tədbir çərçivəsində həmçinin Azərbaycan-Vyetnam dostluğuna həsr olunan mahnılar, Vyetnam dilində “Arşın mal alan” musiqili komediyasından parçalar və yeni bəstələnmiş “Azərbaycan-Vyetnam” mahnısı ifa edilib.