Editor.az informasiya portalının fəaliyyətə başlamasından 14 il ötür

Ezonn TV «Editor.az» mənbəsinə istinadən xəbər verir.
Bu gün Editor.az informasiya portalının fəaliyyətə başlamasından 14 il ötür. 2012-ci ilin noyabr ayında fəaliyyətə başlayan portal, Azərbaycanın internet media məkanında özünəməxsus mövqe əldə edərək geniş oxucu auditoriyasının etimadını qazanmağa nail olub.
Son 14 ildə Editor.az, ölkənin ictimai-siyasi, iqtisadi, sosial, mədəni və idman həyatında baş verən mühüm hadisələri operativ şəkildə işıqlandırıb. Portalın informasiya siyasətinin əsas prinsipləri arasında dəqiqlik, obyektivlik, qərəzsizlik və peşəkarlıq yer alır. Fəaliyyət müddətində aktual məsələlərə dair ekspert rəylərini ictimaiyyətə təqdim etməyə, müxtəlif sahələr üzrə fikir mübadiləsini genişləndirməyə xüsusi diqqət yetirilib.
Editor.az müasir media texnologiyalarından səmərəli istifadə etməklə fəaliyyətini genişləndirib. Bu gün portal, sosial media platformalarında aktiv iştirak edir və ölkə daxilində və xaricdə geniş oxucu auditoriyasında tanınır. Beynəlxalq əməkdaşlığa da önəm verən portal, Türkiyə, Ukrayna, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Litva, Estoniya, Serbiya və Pakistanın mükafatlı media qurumları ilə əməkdaşlıq memorandumları imzalayıb.
44 günlük Vətən müharibəsi dövründə Editor TV internet televiziyasının fəaliyyətə başlaması, portalın tarixində xüsusi önəm kəsb edir. Müharibənin gərgin günlərində Editor TV, Ermənistanın təxribatçı siyasətini ifşa edən onlarla material yayımlayıb. Bu xəbərlər, beynəlxalq informasiya məkanında geniş rezonans doğurmuş, Ermənistan mediasında da müzakirə mövzusuna çevrilmişdir.
Bu gün Editor.az, müasir jurnalistikanın çağırışlarına və informasiya texnologiyalarının inkişafına uyğun fəaliyyətini davam etdirir. 14 il ərzində əldə edilən uğurlar, portalın kollektivinin və oxucularının birgə əməyi nəticəsində mümkün olmuşdur. Portal, bütün əməkdaşlarını, tərəfdaşlarını və oxucularını təbrik edərək, informasiya sahəsində daha böyük uğurlar arzulayır.