Ezonn Xəbər

Kartel rəhbərinin saxlanılması əməliyyatı zamanı dörd hərbçi həlak olub

Kartel rəhbərinin saxlanılması əməliyyatı zamanı dörd hərbçi həlak olub
Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir. Meksikanın Sinaloa ştatında "Beltran Leyva" cinayətkar qruplaşmasının rəhbəri Fausto İsidoronun saxlanılması məqsədilə həyata keçirilən əməliyyat zamanı dörd hərbçi həlak olub. Meksikanın Milli Müdafiə Nazirliyi bu barədə məlumat verərək, qruplaşma üzvlərinin hərbçilərə ciddi silahlı müqavimət göstərdiyini bildirib. Hadisə zamanı dörd Meksika hərbçisi həyatını itirib, digər yeddi silahlı qruplaşma üzvü isə öldürülüb. Nazirlik tərəfindən təsdiqlənən məlumatlara əsasən, əməliyyat zamanı səkkiz şübhəli şəxs saxlanılıb. Saxlananların arasında "Çapo İsidor" ləqəbli lider, onun əmisi oğlu Xerman “Serafin” və maliyyə əməliyyatları ilə məşğul olan qohumu Xose də vardır. Saxlanılan şəxslər Mexikoya hərbi-nəqliyyat təyyarəsi ilə aparılıb və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə İxtisaslaşmış Prokurorluğa (FEMDO) təhvil verilib. Digər beş saxlanılan şəxs isə Sinaloa ştatının Kuljakan şəhərindəki Baş Prokurorluğun yerli idarəsinə təhvil olunub. Əməliyyat zamanı çoxsaylı silah və hərbi əşya müsadirə edilib. Müsadirə olunan əşyalar arasında iriçaplı “Barrett” tüfəngi, müxtəlif kalibrli 10 odlu silah, qumbaraatan, iki əl qumbarası və döyüş sursatları var. Nazirliyin açıqlamasına görə, mülki əhali arasında xəsarət alan olmayıb.