Uşaqların energetik içkilərə marağı artır – Dövlət nəzarəti sərtləşdirilə bilər

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda uşaqların energetik içkilərə olan marağı artır. Uşaq yaş qruplarında energetik içkilərin istifadəsinin geniş yayılması müvafiq dövlət orqanlarını bu sahədə nəzarət mexanizmlərini sərtləşdirməyə yönəldir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bu mövzuda “Azərbaycan” qəzetində dərc olunan məqaləsində vurğulayır ki, uşaqlar arasında energetik içkilərdən istifadə halları ciddi narahatlıq doğurur. Ombudsman, bu problemə dair aparılan monitorinqlərin nəticələrinin qanunvericiliyin və nəzarət mexanizmlərinin təkmilləşdirilməsinin zəruriliyini göstərdiyini bildirir.
Ombudsman, uşaqların sağlamlığı üçün təhlükə yarada biləcək bu içkilərin istifadəsinin yayılmasına qarşı mübarizə aparmaq məqsədilə hazırlanmış təkliflərin aidiyyəti dövlət orqanlarına göndərildiyini açıqlayıb. Bu təkliflər müvafiq qurumlar tərəfindən diqqətə alınacağına dair cavab məktublarında da qeyd edilib.
Səbinə Əliyevanın bildirdiyinə görə, beynəlxalq təcrübələrin təhlili də bu məqsədlə qanunvericiliyin yenidən dəyərləndirilməsinin zəruriliyini təsdiqləyir. Uşaqların sağlamlığının qorunması üçün daha sərt tədbirlərin görülməsi mövcud vəziyyəti yaxşılaşdırmağa kömək edəcək.